CASPOS MMC-nin rəhbər heyəti ilə Çin Xalq Respublikasının qabaqcıl texnologiya təchizatçılarından olan "ABS Technology" şirkətinin nümayəndələri arasında Guangzhou şəhərində rəsmi işgüzar görüş keçirilmişdir. Səmərəli şəraitdə baş tutan görüşün əsas müzakirə mövzusu yanacaqdoldurma məntəqələri (YDM) sektorunda ən müasir texnoloji həllərin tətbiqi, ödəniş proseslərinin rəqəmsallaşdırılması və gələcək nəsil POS avadanlıqlarının ölkəmizə tədarük edilməsi istiqamətlərini əhatə etmişdir. Danışıqlar zamanı tərəflər YDM-lərdə xidmət sürətini və müştəri məmnuniyyətini artıracaq innovativ ödəniş sistemlərinin tətbiqi ilə bağlı mühüm strateji razılaşmalar əldə etmişlər. Təqdimatda da xüsusi vurğulandığı kimi, "Gələcəyi birlikdə yaradaq" prinsipi əsasında formalaşan bu beynəlxalq tərəfdaşlıq, Azərbaycan bazarında fəaliyyət göstərən korporativ müştərilərə rəqabətədavamlı və qabaqcıl texnoloji həllərin təqdim edilməsi məqsədi daşıyır. Tezliklə bu əməkdaşlığın nəticəsi olan yeni layihələrimiz və innovativ avadanlıqlarımızla xidmətinizdə olacağıq.
